"Hər iki komanda finala layiqli şəkildə yüksəlmişdi. Bununla belə, fikrimcə, Argentina finala gedən yolda İspaniya ilə müqayisədə daha münasib rəqiblərlə qarşılaşmışdı". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis dünya çempionatının final matçını şərh edib:

"Final oyununda isə İspaniya açıq şəkildə üstün təsir bağışladı. Komanda çoxlu sayda qol epizodu yaratdı, topa nəzarəti demək olar ki, bütün matç boyu əlində saxladı. Argentina isə əsasən müdafiəyə çəkildi və rəqibin hücumlarının qarşısını daha çox kobud oyunla almağa çalışdı. Elə bu kobudluqlardan birinin nəticəsində də qırmızı vərəqə alaraq azlıqda qaldılar. Bundan sonra İspaniya rəqib müdafiəsini yarmağı bacardı və qələbə qolunu vurdu. Oyunun ilk dəqiqələrində Lamin Yamalın iki təkbətək imkanı oldu. Həmin epizodlarda Argentina böyükhesablı məğlubiyyətdən xilas oldu. İspaniyanın sürətli, düşünülmüş kombinasiyaları və oyun fəlsəfəsi rəqibdən xeyli üstün idi. Məncə, İspaniya tamamilə haqq etdiyi qələbəni qazandı və dünya çempionu oldu. Bu nəticə bir daha göstərdi ki, Avropa futbol məktəbi hələ də dünya futbolunda lider mövqeyini qoruyur. Bu baxımdan Avropa futbolunu sevənlər üçün də sevindirici nəticə oldu".

Xatırladaq ki, İspaniya millisi dünya çempionatının finalında Argentina yığmasını əlavə vaxtda vurulan qolla (1:0) məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.