"Sabah"ın futbolçusu Coy-Lens Mikels karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Almaniyanın məşhur jurnalisti və insayderi Florian Plettenberq məlumat yayıb.

32 yaşlı vinger Bundesliqada çıxış edən "Borussiya" (Münhenqladbax) klubunda oynamaq istəyir. Plettenberqin məlumatına görə, Mikelsin yanvar "transfer pəncərəsi"ndə Almaniya təmsilçisinə keçməsi mümkündür.

İnsayderin iddiasına əsasən, futbolçu ilə daha əvvəl bir neçə klub maraqlanıb. Hətta şifahi razılaşmaya görə, Mikelsin 400-500 min avro qarşılığında "Sabah"dan ayrılmasına dair anlaşma da mövcuddur.

Almaniya vətəndaşlığına da sahib olan Ruanda millisinin üzvü cari mövsüm "Sabah"ın heyətində bütün turnirlərdə 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Mikelsin Bakı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.