"Səfərdə "Hapoel"ə məğlub olsalar da, düşünürəm ki, "Sabah"ın mərhələ adlamaq şansı hələ də kifayət qədər yüksəkdir. Komanda daha əvvəl Danimarka çempionu "Orhus"la matçda da oxşar vəziyyətlə üzləşmişdi və həmin qarşılaşmada xarakterini, mübarizə əzmini göstərərək mərhələ keçməyin mümkün olduğunu sübut etdi". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üzə gələcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab qarşılaşması haqda fikirlərini bölüşüb:
"Hazırda da vəziyyət müəyyən mənada eynidir. Düzdür, indiki rəqib daha güclüdür. Topa nəzarət etməyi sevən, texnikalı və keyfiyyətli futbolçulara malik komandadır. Belə rəqibə qarşı oynamaq heç də asan deyil. Xüsusilə də topa sahib olduqları zaman rəqibə ciddi təzyiq göstərə və oyunun tempini öz xeyirlərinə dəyişə bilirlər. Lakin onların da zəif cəhətləri var. Heç bir komanda qüsursuz deyil və "Sabah" ilk oyunda rəqibin həm güclü, həm də zəif tərəflərini yaxından görüb. Bu baxımdan, cavab qarşılaşmasında "Sabah"ın daha hazırlıqlı və intizamlı futbol nümayiş etdirəcəyini düşünürəm. Əsas məsələ müdafiədə diqqətli olmaq, rəqibə boşluqlar verməmək və yaradılan imkanlardan maksimum istifadə etməkdir. "Sabah" öz oyununu rəqibə qəbul etdirə bilsə, xüsusilə ilk dəqiqələrdə azarkeşlərin də dəstəyindən yararlanaraq oyunun gedişatını dəyişə bilər. Burada azarkeş amili də çox önəmlidir. Doğma meydanda möhtəşəm azarkeş dəstəyi futbolçulara əlavə motivasiya verəcək. Belə atmosferdə komandanın daha inamlı və aqressiv oynaması mümkündür. Ona görə də hesab edirəm ki, ilk matçın nəticəsinə baxmayaraq, "Sabah"ın mərhələni adlamaq üçün real şansı var. Əgər komanda öz potensialını tam ortaya qoya bilsə, doğma meydanda möhtəşəm azarkeşlər önündə növbəti mərhələyə yüksəlmək mümkündür".
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.