"Zirə"nin futbolçusu Dimitri Leqbo dünən Misli Premyer Liqasının 9-cu turunda "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:



- Görüşlə bağlı nə deyə bilərsən?
- Çox çətin oyun oldu. Yaxşı rəqibə qarşı oynadıq. "Sumqayıt" çox gözəl performans göstərdi. Buna baxmayaraq, yekunda üçüncü qolu vurduq və lazımi qələbə qazandıq.

- 2:0-dan sonra nə baş verdi ki, oyun tam dəyişdi? Komandada arxayınçılıq yarandı, yoxsa yorğunçuluq öz sözünü dedi?
- Deməzdim arxayınçılıq oldu. Sadəcə rəqib psixoloji üstünlüyü ələ keçirdi. Bir sayılmayan qolları da oldu. Hakimlər ofsayt qərarı verdilər. Bütün bunlara baxmayaraq, 2:2-dən sonra oyundan qopmadıq. Çalışacağıq ki, bu səhvləri bir daha təkrarlamayaq.

- "Sumqayıt"dan bu cür inamlı oyun gözləyirdiz?
- Öncədən "Sumqayıt"la matçın çətin keçəcəyini bilirdik. Təhlillərdən də bilirdik ki, rəqib yaxşı futbolçulardan təşkil olunub. Son oyunlarda inamlı qələbə qazanmışdılar.

- Azərbaycan Premyer Liqasına tam uyğunlaşa bilmisən?
- İlk növbədə onu deyim ki, çempionatın səviyyəsi yüksəkdir. Yaxşı komandalar, güclü futbolçular var. Bura gəlməzdən öncə uzun müddət oynamırdım. Bu məqam bir qədər çətinlik yaradırdı. İndi özümü yaxşı hiss edirəm. Oyundan oyuna daha da inamlı olacam.

- Rəşad Sadıqov səni fərqli mövqelərdə sınayır. Bu məqam çıxışına mənfi təsir göstərmir? Özünü müdafiədə daha yaxşı hiss edirsən, yoxsa hücumda?
- Uşaq futbolunda sol cinah müdafiəçisi kimi oynamışam. Sonradan həm sağ, həm də sol vinger kimi çıxış etmişəm. "Zirə"də də bir neçə mövqedə oynayıram. Hansı mövqedə çıxış etməyimdən asılı olmayaraq, məqsədim komandaya fayda verməkdir. Baş məşqçi harada desə, orada da oynamağa hazıram.

- "Zirə"yə transfer baxımından sənin üçün cəlbedici nə oldu?
- Burda olmaqdan məmnunam. Gəlməmişdən öncə idman direktoru ilə söhbətimiz olmuşdu. Onun ideyaları məni cəlb etdi. O, bildirdi ki, oynayacaqsan, komandaya kömək etməyə qadirsən.

- Gəlməmişdən öncə fikirlərini öyrəndiyin futbolçular oldu?
- Hazırda "Zirə"də oynayan Bayere Lue həmyerlimdir. Onunla, "Sumqayıt"dan Sedrik Badolo, eləcə də digər bir neçə tanıdığım futbolçu ilə söhbətim olmuşdu. Onların hamısı komanda, ölkə haqda müsbət fikirlər səsləndirdilər. Bütün bunlar da qərarımı qətiləşdirməkdə kömək oldu.