"Dəyərli bir qələbə qazandıq. Həm çempionatdakı ilk 3 matçda 3 qələbə qazanmaq, həm də yaxşı basketbol oynamaq bizim üçün çox vacib idi". Sport24.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Murat Dikmen deyib.
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının III turunda "Sərhədçi" üzərində 83:66 hesablı qələbəni şərh edib. O bildirib ki, ötən həftə yaxşı oyun sərgiləmədən qalib gəliblər: "Bu məni qane etmirdi. Amma bu gün oyunun ilk dəqiqəsindən sonuna qədər yaxşı mübarizə apardıq. Yaxşı müdafiə olunduğumuzu düşünürəm. Rəqibimizi 66 xalda saxlamaq bizim üçün çox önəmlidir. Hədəflərimiz həqiqətən çox böyükdür. A qrupu yaxşı kollektivlərdən ibarətdir. Artıq önümüzdəki "Abşeron" ilə olan matça baxacağıq. Həmin matça kimi 3 həftəlik fasilə bizim üçün pis oldu. Yaxşı bir ritm yaxalamışdıq, lakin bu bizə pis təsir edəcək. Ümid edirəm ki, "Abşeron" matçı ilə qaldığımız yerdən davam edərik. Yaxşı yoldayıq. Oyunçularım bir-birilərinə uyğunlaşmış durumdadırlar. Komandamdan razıyam".
Qeyd edək ki, "Naxçıvan" III turdan sonra topladığı 6 xalla ABL-də turnir cədvəlinə başçılıq edir.