"Özündən qat-qat güclü rəqiblərlə qarşılaşmalarda bəzən qələbə qazanmaq da mümkündür. Futbolda belə sürpriz nəticələrə kifayət qədər rast gəlinir. "Sabah" üçün isə çox çətin olacaq".

Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində "Mançester Yunayted"lə səfər görüşündən gözləntilərini bölüşüb:

"Sabah"ın hücum xətti kifayət qədər güclüdür və "Mançester Yunayted"ə qol vurmaq iqtidarındadır. Komandanın ön xəttində bunu bacara biləcək futbolçular var. Amma futbol təkcə qol vurmaqdan ibarət deyil. Bununla yanaşı, müdafiədə də çox diqqətli olmaq, qapını toxunulmaz saxlamaq lazımdır. Qol vurmaq üçün isə böyük qüvvə ilə irəli çıxmalı, ən azı 3-4 futbolçu ilə hücuma qoşulmalısan. Bu zaman arxada boşluqlar yaranır və rəqib həmin boşluqlardan istifadə edə bilər. Sən öndə olduğun halda belə, İngiltərə təmsilçisi qapının qarşısında təhlükəli vəziyyətlər yarada və oyunun gedişatını dəyişə bilər. Ona görə də "Sabah" həm hücumda, həm də müdafiədə balansı qorumağa çalışmalıdır. Görüşün favoriti, təbii ki, ingilislərdir. "Mançester Yunayted" həm heyətinə, həm təcrübəsinə, həm də imkanlarına görə üstün tərəfdir. Digər tərəfdən, "Sabah"ın da qol imkanlarının olacağını gözləyirəm. Əsas məsələ həmin fürsətlərdən maksimum istifadə etməkdir".

Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək