Bu şəraiti bizə yaratdıqları üçün rəhbərliyimizə və əməyi olan hər kəsə təşəkkür edirəm. Üç ay ərzində belə bir şəraitin yaradılması, məncə, çox xüsusi bir imkandır. Buna görə onlara ayrıca minnətdarlığımı bildirirəm. Sport24.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət "Turan" komandasının üzvü Ayşən Əbdüləzimova CEV Çempionlar Liqasında Xorvatiyanın "Mladost" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlamasında deyib.

 

Voleybolçu ilk setdə həyəcanın daha çox olduğunu, lakin sonradan komandanın oyunun ritmini tutduğunu bildirib: "İlk oyun, ilk həyəcan idi. İlk setdə daha çox həyəcanımız var idi. Amma ondan sonra ritm tutduq və gərginliyimizi azaltdıq. Məncə, setlər çox tez keçdi. Bununla belə, cavab oyunu daha vacibdir. Bu gün qələbəyə sevinsək də, növbəti matça daha ciddi hazırlaşmalıyıq. Sonuncu setdə bir qədər daha çox çətinlik çəkməli olduq. İlk setdə həyəcan, sonuncu setdə isə müəyyən rahatlaşma hiss olunurdu".

 

İdmançının sözlərinə görə, cavab görüşü daha çətin olacaq: "Bu oyuna hazırlaşarkən planlaşdırdıqlarımızı meydanda tətbiq etdik. Cavab görüşü daha çətin olacaq, çünki səfərdə oynayacağıq. Buna görə də növbəti matça ciddi hazırlaşmalı və qələbə üçün əlimizdən gələni etməliyik".