Atçılıq idmanının konkur növü üzrə ölkə birinciliyinə yekun vurulub. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Reqlamentə əsasən, idmançılar mübarizəni davam etdirmək üçün ilk mərhələdə vaxt məhdudiyyəti olmadan 6 maneəni cərimə balı almadan dəf etməli, növbəti maneələrdə isə həm sürət, həm də dəqiqlik nümayiş etdirməli idilər.

 

12–16 yaş qrupunda idmançılar hündürlüyü 70-80 sm olan maneələri dəf etmək uğrunda yarışıblar. Cərimə balı olmadan finişə çatan idmançılardan Cavid Qurbanəliyev "Burla" ləqəbli atla 24,54 saniyə göstərici ilə birinciliyin qalibi olub. "Saqamo" ləqəbli atla çıxış edən Melissa Gedik 27,95 saniyə ilə 2-ci, Nərgiz Abbaszadə isə 28,53 saniyə ilə 3-cü yeri tutub. İlk "beşliyi" "Ayla" atı ilə Mədinə Məmmədova və "Patent" atı ilə Arzu Qəmbərova tamamlayıblar.

 

17–21 yaş kateqoriyasında isə yarış iştirakçıları hündürlüyü 90-100 sm olan maneələr üzərində qüvvələrini sınayıblar. Yalnız üç çaparın ilkin fazanı cəriməsiz keçdiyi gərgin mübarizədə Samirə Baxşiyeva "Savalan MNM" atı ilə mütləq dəqiqlik göstərərək qızıl medala sahib çıxıb. Bu kateqoriyada Əhəd Məmmədov "Nabat" atı ilə gümüş, Valeriya Roşenko isə "Fine Chocolate" atı ilə bürünc mükafata yiyələnib.

 

Yarışın sonunda qaliblərə kubok, medallar, həmçinin Azərbaycan Respublikası Atçılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin xüsusi diplomları təqdim edilib.