"Komandamıza dəstək olan azarkeşlərə təşəkkür edirəm. İnanıram ki, qızlarımız Zaqrebdə də qalib gələcəklər". Sport24.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət "Turan" komandasının baş məşqçisi Ziya Rəcəbov CEV Çempionlar Liqasında Xorvatiyanın "Mladost" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlamasında deyib.

 

Mütəxəssis ilk setdə gərgin mübarizənin getdiyini, rəqibi əvvəlcədən təhlil etdiklərini bildirib: "İlk set kəşfiyyat xarakterli olduğuna görə bir qədər gərgin keçdi. Amma bunu asan qələbə adlandırmazdım. Rəqibi ətraflı təhlil etmişdik. Gənc komanda olmasına baxmayaraq, çox mübariz və əzmkar kollektivdir. Hələ heç nə bitməyib. İnanıram ki, Zaqrebdə də öz sözümüzü deyəcəyik. Lakin orada qalib gəlmək hələ mərhələni keçdiyimiz demək deyil. Bununla belə, inanıram ki, qızlarımız səfərdə də qələbə qazanacaqlar.

 

Bu oyunda da təcrübə öz sözünü dedi. Təcrübəli və yaxşı oyunçularımız var. Ehtiyat oyunçularımız da təcrübəlidir. Komandada əsas və ehtiyat heyət arasında fərq qoymuruq, bütün voleybolçularımıza güvənirik. Onlar da yaxşı oyun nümayiş etdirdilər. Düzdür, məşqlərdə üzərində işlədiyimiz bəzi məqamları tam həyata keçirə bilmədik, amma bunları düzəltməyə çalışacağıq. Əvvəlcədən də demişdim ki, oyunçuların özlərinə gəlməsi və bir-birlərinə uyğunlaşması üçün zamana ehtiyac var".

 

Baş məşqçi cavab görüşündə rəqibin 5 nömrəli oyunçusunun zərərsizləşdirilməsi üzərində də işləyəcəklərini vurğulayıb: "Bu oyunda onun qarşısını bir neçə dəfə ala bildik. Vaxtımız az olsa da, həmin məsələni təhlil edəcək və üzərində işləyəcəyik".

 

Z.Rəcəbov üçüncü setdə komandanın hesabda üstünlük qazandıqdan sonra oyunun gedişində çətinliklə üzləşməsini yorğunluqla əlaqələndirməyib: "Yorğunluq olduğunu deməzdim. Hesabda üstünlük qazandıqdan sonra qızlarda müəyyən arxayınlıq yarandı və yenidən toparlanmaq çətin oldu. Amma yenə də təcrübə öz sözünü dedi. Hesabda geridə olsalar da, toparlanaraq oyuna qayıtdılar və 16-cı xalda rəqibi dayandıra bildik".