"Qalatasaray" UEFA-ya müraciət edərək Çempionlar Liqasının III turunda "Lill"lə keçiriləcək səfər oyunu öncəsi əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istəyib. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

 

İstanbul təmsilçisinin rəhbərliyi Fransada ötən həftəsonu baş verən kütləvi iğtişaşlardan narahatdır. Klub futbolçuların, əməkdaşların və azarkeşlərin təhlükəsizliyinə təminat verilməsini istəyir.

 

Məlumata görə, Lill şəhərində keçirilən etiraz aksiyaları zamanı mağazalar qarət edilib, həmçinin etirazçıların dövlət binalarına daxil olduğu bildirilib.

 

Qeyd edək ki, Sabah keçiriləcək "Lill" – "Qalatasaray" oyununa 20:45-də start veriləcək.