Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qrup mərhələsinin son oyununa çıxıb.

Sport24.az xəbər verir ki, rəqib Mərakeş yığması olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Qarşılaşmanın ilk setindən 25:20 hesabı ilə ayrılan Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv növbəti seti məğlub tərk edib – 22:25. Gərgin mübarizə şəraitində keçən üçüncü setdə Azərbaycan millisi 28:26 hesabı ilə üstün olub. Dördüncü setdə isə Mərakeş yığması daha açıq fərqlə yenilib – 19:25.

Beləliklə, qrupu 6 xalla 2-ci pillədə tamamlayan Azərbaycan millisi 7 xalla qrup lideri olan Kamerunla birlikdə yarımfinala yüksəlib.

Azərbaycan millisi əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlsə də, eyni hesabla Kameruna uduzmuşdu.