Azərbaycanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley 2026) təşkili ilə bağlı hazırlıq iclası baş tutub. Sport24.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyevin rəhbərliyi ilə keçirilən toplantı CEV EuroVolley 2026-nın C qrupunun oyunlarına ev sahibliyi edəcək Milli Gimnastika Arenasında təşkil olunub.
İclasda akkreditasiya prosesi, komandaların və qonaqların qarşılanması, oyunların yayımı, təhlükəsizlik məsələləri, eləcə də digər təşkilati işlər müzakirə edilib və qarşıdakı dövr üçün müvafiq tapşırıqlar müəyyənləşdirilib.
Qeyd edək ki, Bakıda keçiriləcək C qrupunun oyunları avqustun 21-dən 28-dək davam edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları mübarizə aparacaq.
CEV EuroVolley 2026-nın digər qruplarının qarşılaşmaları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.