Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirinə yekun vurulub.

Sport24.az xəbər verir ki, sonuncu yarış günündə bilts növündə 7 tur oynanılıb.

Rapid və blitsdəki yekun nəticələrə əsasən, ABŞ təmsilçisi Fabiano Karuana və macarıstanlı Riçard Rapport eyni - 24 xal topladığından birinci yerin sahibini müəyyənləşdirmək üçün şahmatçılar öz aralarında armageddon oynayıblar. Rəqibini məğlub edən Karuana turnirin qalibi olub.

Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov 22.5 xalla turniri 3-cü pillədə tamamlayıb. Rauf Məmmədov (15.5 xal) 5-ci, Vüqar Əsədli (10 xal) isə 7-ci yerlə kifayətlənib.

Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir baş tutmayıb.