Rusiyalı qrossmeyster Sergey Karyakin bir müddət onun baş məşqçisi olmuş Aleksandr Motılyovun idman vətəndaşlığını dəyişərək Rumıniyanı seçməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, 43 yaşlı Motılyov 2021-ci ildə sürətli şahmat üzrə Avropa çempionu olmuşdu.

 O, həmin turnirdə Rusiyanı təmsil edirdi. Son illərdə Motilyov həm Rusiya yığmasını, həm də Svidler, Kramnik, Karyakin kimi şahmatçıları çalışdırırdı. 2016-da Karyakini dünya çempionu titulu uğrunda Maqnus Karlsenlə oyuna məhz bu qrossmeyster hazırlaşdırmışdı.

Amma Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bir çoxları kimi Motılyov da Rusiyadan üz döndərmək qərarına gəldi. Karyakin bunun onun şəxsi qərarı olduğunu açıqlayıb: "Hər kəs öz vətəndaşlıq mövqeyini seçməkdə sərbəstdi. Onunla uzun müddətdi birlikdə çalışmıram. Ötən ilin fevralından etibarən isə bütün əlaqələrimiz kəsildi. Bu, onun tərəfindən baş verdi. Bundan başqa, Ukraynaya qarşı edilən xüsusi əməliyyatın əleyhinə məktubu da imzalamışdı. Öz seçimidi, özü bilər. Amma fikrimcə, onun yoxluğu Rusiya şahmatı üçün itki olacaq. Çünki yaxşı məşqçilik bacarığı var idi. Bir çox güclü oyunçular yetişdirmişdi. Amma heç kimin beyninin içinə girə və orda nələrin baş verdiyini görə bilmərik. Təəssüf ki, hərdən belə şeylər də olur''.