"Azərbaycan Şahmat Turu" seriyasından olan "Ganja Open 2026" beynəlxalq şahmat festivalı başa çatıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Gənclər və İdman Nazirliyi ilə federasiyanın birgə təşkil etdiyi yarışın bağlama mərasimində fərqlənən şahmatçılar təltif ediliblər.

 

A turnirində 9 turdan 6,5 xal toplayan Fərid Orucov bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. Əlavə göstəricilərə görə eyni xala sahib İslam Hacıəliyev ikinci, FİDE təmsilçisi Pavel Şkapenko isə üçüncü olub. B turnirində isə 7,5 xalla Natiq Mahmud çempionluq sevinci yaşayıb. Eyni xalı toplayan Yusif Abasov və Ümid Ələsgərov müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.

 

Festival çərçivəsində təşkil olunan rapid və blits yarışlarında Süleyman Süleymanlı hər iki növdə qızıl medal qazanaraq ikiqat çempion olub.

 

Qeyd edək ki, "Azərbaycan Şahmat Turu"nun növbəti mərhələsi olan "Shirvan Open" oktyabrın 20-dən 26-dək keçiriləcək.