Ölkəmizdə şahmata sevgi daim ən üst səviyyədə olub. Elə bunun nəticəsidir ki, istedad sarıdan məmləkətimiz heç vaxt korluq çəkməyib. İntellektə, zəkaya, düşüncə qabiliyyətinə və qələbə ruhuna köklənən azərbaycanlılar dünya şahmat aləminə daim möhür vurublar. Bu dərin zəka oyununa dəstək verənlərdən biri də “Bağçam” şəbəkəsi oldu. Paytaxtımızın müxtəlif hissələrində fəaliyyət göstərməklə brendə çevrilən qurum bu dəfə daxili birincilik təşkil etdi.

Hərəsində 4 nəfər olmaqla komandalar 2 qrupa bölündü. Daha sonra isə qrup qalibləri finalda, ikinci pillənin sahibləri isə 3-cü yer uğrunda matçda qüvvələrini sınadılar.

A qrupunda son turda “İndiqo Nərimanov”u məğlub edən “İndiqo Neapol” finala vəsiqə əldə etdi. “Yıxarı montin uşaqları” isə 3-cü yer uğrunda oynamaq hüququ əldə etdilər.

B qrupunun qalibi də son turda müəyyənləşdi. Belə ki, “Peter Pan” və “İdiqo Qarayev” qızıl medal uğrunda həlledici dueldə mübarizə aparmaq üçün son döyüşə atıldılar. Bu görüşdə minimal hesabla qalib gəlib sevinən tərəf “Peter Pan” oldu.

Medal sahiblərini müəyyənləşdirən həlledici matçlarda intriqa son anadək qorundu. Ancaq hər bir yarışda olduğu kimi, burda da yekunda udan və uduzanlar oldu. “Qarayev” - “Nərimanov” döyüşündə həlledici sözü ikincilərin kapitanı dedi. Maraqlıdır ki, hər iki komandanın kapitanı zərif cins nümayəndəsi idi. Aliyə Səidovanı qara fiqurlarla üstələməyi bacaran Humay Hacızadə “İndiqo Nərimanov”un “bürünc” arzusunu reallaşdırdı. Bu matçda daha bir xalı Fəxri Mehdizadə gətirdi.

Nəhayət, final barədə. Püşkə əsasən kapitan lövhəsində ağ fiqurlar “İndiqo Neapol”a nəsib oldu. Bu partiyayadək hər iki komandanın lideri - həm “Neapol”çu Telman Qasımlı, həm də “Peter Pan”lı Davud Süleymanzadə bütün rəqiblərini üstələmişdilər. Bu isə o anlama gəlirdi ki, qalib gələn tərəf həm də kapitan lövhəsi - ən nüfuzlu və çətin  1-ci taxtanın çempionu adına layiq görüləcəkdi. Analoji vəziyyət 2-ci lövhədə də müşahidə olunurdu: İbrahim Nağıyev və Kamran Quliyev də qrup mərhələsində maksimal nəticə göstərməklə iddialarını ortaya qoymuşdular. Yeganə fərq onda idi ki, “Peter Pan”lı Kamran Quliyev ağ fiqurlarla oynayacaqdı. Beləcə, əvvəlcədən dəqiqliklə proqnozlaşdırmaq olardı ki, “qan su yerinə axacaq”. Təxminlər özünü doğrultdu. Bütün iştirakçılar oyunlarını bitirsələr də, adlarını çəkdiyimiz kiçik qəhrəmanlar arasında mübarizə hələ də davam edirdi. Maraqlıdır ki, hər iki görüşdə yekunda sevinən tərəf qaralar oldu. İbrahim Nağıyev 2-ci lövhədə qalib gəlməklə komandasına həlledici xalı qazandırdı, özü isə mühafizə etdiyi taxtanın çempionu oldu! Davud Süleymanlı isə komandasına qələbə qazandıra bilməsə də, turnirin ən yaxşı oyunçusu adını əldə etməyi bacardı - birinci lövhənin çempionu!

Turnir başa çatır, hakimlər, təşkilatçılar diplomları, medalları, hədiyyələri hazırlamağa tələsir. Dəhlizdə qələbəlikdi. Əlbəttə ki, ən çox həyəcan, qucaqlaşma medalçıların valideynlərində müşahidə olunur. Az sonra mövzuya uyğun tamaşa tədbir iştirakçılarına təqdim olunur. Ardınca isə qaliblərin həsrətlə gözlədiyi təltifetmə mərasimi.

Beləliklə, qalibləri təqdim edirik

Komanda yarışması:

“İndiqo Neapol” - I yer
“Peter Pan” - II yer
“İndiqo Nərimanov” - III yer

İndividual göstəricilərə görə çempionlar:

Davud Süleymanlı (Peter Pan) - kapitan lövhəsi
İbrahim Nağıyev (İndiqo Neapol) - II lövhə
Ayxan Səmədli (İndiqo Neapol) - III lövhə
Əhməd Cavziyev (İndiqo Neapol) - III lövhə

Kim bilir, bəlkə 10-15 il sonra bu balardan hansınınsa adı artıq dünya şahmat Tacının sahibi kimi hallanacaq? 15 il sonra bu sətirləri xatırlatmaq ümidi ilə...

 

CEYHUN ƏLİYEV