"İki aydan sonra seçmə mərhələdə ilk rəsmi oyuna çıxacağıq. Bu səbəbdən artıq optimal heyəti formalaşdırmağın vaxtıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov deyib.
Millimizin sabiq baş məşqçisi yığmanın bu gün Latviya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Daha hansısa futbolçunu yoxlamağın vaxtı deyil. Heyət bəlli olmalıdır və hansı taktikanı seçəcəyiksə, bilinməlidir. Ruh yüksəkliyi, məşqçinin futbolçulara güvənməyi baxımından qələbə vacibdir. Futboldur, hər şey ola bilər, amma səhv buraxmaq lazım deyil. Vaxtımız azdır. Bu iki oyundan sonra millinin toplanışı olmayacaq. Fernandu Santuşun ilk qələbəsi olmalıdır ki, özü də inansın. İnam böyük amildir. Ona görə də bu iki oyuna tam hazır olmalıyıq".
Qeyd edək ki, bu gün Riqada baş tutacaq Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.