"Baş məşqçi və oyunçuların müqaviləsi mayın 31-də bitdi. Peşakar klubdur, oyunçular ödəniş istəyirlər. Büdcədə bunlar nəzərdə tutulmadığına görə, məcburən onları yola salası olduq". Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə ölkə kubokunun finalında PFL uduzan "Araz-Naxçıvan"ın vitse-prezindenti Mahmud Sadıqov deyib.
Həlledici oyunu dəyərləndirən Sadıqov təqvimi federasiyanın müəyyənləşdirdiyini, bu üzdən məcburiyyətdən final qarşılaşmasına yerli gənclərlə çıxdıqlarını vurğulayıb:
"Çətin olacağını bilirdik. Meydana çıxaraq gücümüz çatan qədər oynadıq. Rəqibin heyəti güclüdür. İlk hissədən sonra futzalçılarımızın yorulduğunu hiss etdim. 5 nəfərlə son saniyəyədək mübarizə aparmaq çətindir. Kubokun final matçını federasiyası təyin edir. Biz oyunçularla müqavilə bağlayanda 31 maya qədər nəzərdə tutmuşduq. Matçın vaxtı əvvəlcədən dəqiqləşsəydi, onlarla iyunun 15-nə qədər anlaşma imzalayardıq. Qismət belə imiş. Rəqibi təbrik edirəm".
Qeyd edək ki, futzal üzrə Azərbaycan Kubokunu finalda "Araz-Naxçıvan"ı 7:1 hesabı ilə məğlub edən PFL qazanıb. Naxçıvan təmsilçisi isə cari mövsümün çempionu olub.