"Frank Çamizonun iddiasının heç bir əsası yoxdu. Guya ona 300 min dollar təklif olunub... Bu onun uydurmasıdı. Belə iddiada məntiq də yoxdu. Ümumiyyətlə, bu yarışda Turan Bayramov, İslam Abbasov kimi güləşçilərimizə haqsızlıq olsa da, AGF bu məsələdə kənarda qaldı. Çamizonun yarımfinala çıxmasını heç kim gözləmirdi. Bura qədər gəlsə də məğlub oldu. Hesab edirəm ki, o, məğlubiyyəti həzm edə bilməyib və belə bir paylaşım edib. O, publikaya işləməyi sevir. Mən Çamizonun Olimpiyadada güləşçilərimizlə döşəyə çıxmasını istəyərəm. Onda görərik kim daha güclüdü". Bu sözləri Sport24.az-a açıqlamasında  Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev deyib.

 

Federasiya rəsmisi kubaəsilli italyan güləşçinin narazı qaldığı məqama toxunub: "2015-ci ildə Çamizonun iştirak etdiyi görüşdə güləşçimiz Toğrul Əsgərovun haqqı yeyilmişdi. O zaman tuş qeydə alınmamışdı. Tam üstünlüklə Toğrul o görüşdə qalib gəlsəydi bəlkə də dünya çempionu olacaqdı. Əsas mübahisə predmeti son saniyələrdə olan epizoddu. Turan Bayramovun 2 dəfə dizini yerə qoyur. İlk dəfə dizini yerə qoyanda fiksasiya deyilən bir termin var. Yəni, rəqibin sənin üzərində nəzarəti. Fiksasiya olmadığı üçün dizini yerə qoyan zaman xal sayılmır. Ona görə də 2 xalın verilməməsi düzgün haldı. Təkrara baxanda epizod aydın görünür. Hakimlər jurisində əyləşən İbrahim Cucoğlu ən obyektiv hakim olmaqla yanaşı, mübahisəli epizodlarla bağlı savadlı mütəxəssisdi. Çelencə müraciətdən sonra hesab 8:8 olur. Bu zaman xalların keyfiyyətinə görə Turan üstün olaraq qalib gəldi. Çamizonun məhz 300 min dollar deməsinə gəlincə, rəqəm yuvarlaq olduğundan bu məbləği səsləndirib".

 

Sərxan bəy ümumiyyətlə, kubalı güləşçilərin büynəlxalq yarışlarda "qara işlər"lə məşğul olduğunu vurğulayıb: "Mən artıq məcburam bu məqama da toxunum. Kubalı güləşçilərin ümumiyyətlə, beynəlxalq yarışlarda hansı hoqqalardan çıxdığını, nələrə getdiyini hamı yaxşı bilir. Əgər biz falsifikasiya və ya digər qanunsuz işlərlə məşğul olsaydıq, ən azı püşkatmalarda buna gedərdik və bizə olduqca asan rəqiblər düşərdi. Bir vaxtlar türkiyəli güləşçi Rza Kayaq da güya ona müəyyən məbləğ qarşılığında Azərbaycan yığmasına təklif olunduğunu söyləmişdi. Təbii ki, bu sadəcə, onun iddiası idi və ardı gəlmədi. Biz Çamizonu səsləndirdiyi fikirlərə görə hüquqi məsuliyyətə cəlb etmək fikirində deyilik. Adam fərdi qaydada fikirini bilidirib. Bu onun yanaşmasıdı. Amma federasiyanın  ünvanına belə fikir bildirilsəydi onda ciddi tədbirlərə əl atardıq".

 

Qeyd edək ki, sərbəst güləş üzrə İtaliya millisinin üzvü Frank Çamiso sensasion iddia ilə çıxış edib. İkiqat dünya və Avropa çempionu "La Republika" nəşrinə müsahibəsində Bakıda keçirilən Avropa Olimpiya təsnifat turnirində Azərbaycan tərəfinin ona rüşvət təklif etdiyini deyib: "Hələ də şokdayam. Baş verənlərə görə kədərliyəm. Bakıda uduzmağım üçün mənə 300 min dollar təklif edildi. İtaliyanı təmsil etdiyim üçün bununla razılaşmadım. Daha sonra azərbaycanlı güləşçi ilə görüşdə hakim qərarını dəyişdi. Hələ ki Paris Olimpiadasına getmək şansım var. Türkiyədə keçiriləcək dünya Olimpiya təsnifat turnirində mənə qarşı yenidən haqsızlıq olsa, ortalığı qarışdıraram".