Misli Premyer Liqasında VI turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, 6 qarşılaşmanı ümumilikdə 22 750 tamaşaçı izləyib.

Gəncə şəhər stadionundakı qarşılaşma bu dəfə də digər oyunlardan daha çox azarkeş toplaması ilə seçilib.

Belə ki, "Qəbələ" – "Neftçi" (0:3) görüşünü 800, "Qarabağ" – "Şəfa" (1:0) matçını 1 200, "Turan Tovuz" – "Zirə" (1:0) duelini 4 000, "Sabah" – "İmişli" (3:1) oyununu 1 150, "Şamaxı" – "Araz-Naxçıvan" (1:2) qarşılaşmasını 1 100 və "Kəpəz" – "Sumqayıt" (0:0) matçını 14 500 tərəfdar izləyib.

Beləliklə, Gəncə şəhər stadionunda keçirilən bir qarşılaşmada qeydə alınan azarkeş sayı turun digər 5 oyunundakı ümumi göstəricidən (8 250) xeyli çox olub.

Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında 3 həftəlik fasilə veriləcək. VII tur oktyabrın 9-da başlayacaq.