"Milan" 2028-ci ilin yayından etibarən klubun texniki sponsoru olacaq "Adidas" şirkəti ilə yeni müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

10 mövsümü əhatə edəcək müqaviləyə əsasən, klub hər il 50 milyon avro alacaq və bununla da sazişin ümumi dəyəri 500 milyon avrodan çox olacaq.

 

"Milan" 2018-ci ildə başlayan "Puma" ilə tərəfdaşlığına son qoyacaq. "Puma" ilə əvvəlki müqaviləyə görə klub hər mövsüm 14 milyon avro qazanırdı. 2022-ci ildə müqavilənin müddəti uzadıldıqdan sonra bu məbləğ hər mövsüm üçün təxminən 30 milyon avroya yüksəlib.

 

Qeyd edək ki, "Adidas" daha əvvəl 1998-ci ildən 2018-ci ilə qədər "Milan"la əməkdaşlıq edib. Alman brendi həmçinin 1970-ci illərdə və 1990-cı illərin əvvəllərində də klubun texniki sponsoru qismində çıxış edib.