"Düşünürəm ki, biz yaxşı işlər gördük". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Akim Zedadka deyib.
"AnewZ"a açıqlama verən 31 yaşlı cinah müdafiəçisi Norveçdə "Vikinq"ə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının oyununu dəyərləndirib.
Qarşılaşmanın 68-ci dəqiqəsində öz cərimə meydançasında əllə oynayaraq penaltiyə səbəb olan əlcəzairli müdafiəçi bunları deyib:
"Oyun ərzində bir neçə qol imkanı yaratdıq. Fikrimcə, üstünlüyümüz də var idi. Ancaq rəqibin dörd yarımtəhlükəli vəziyyətindən dörd qol buraxdıq. Penalti epizodu da oldu. Məyusuq, amma yolumuza davam etməliyik. Çünki Çempionlar Liqasında oynamaq böyük arzudur. Qarşıdakı dörd oyundan zövq almalı və irəliləməyə davam etməliyik".
Qeyd edək ki, Stavanger şəhərində keçirilən görüş "Sabah"ın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb. 68-ci dəqiqədə Zedadkanın əllə oyununa görə təyin olunan penaltini Stas Pokatilov dəf etsə də, Zlatko Tripiç qayıdan topu qapıdan keçirib.