"Neftçi" Portuqaliyanın "Akademiko Vizeu" klubunun braziliyalı hücumçusu Andre Klovisi transfer gündəminə daxil edib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 28 yaşlı forvard "ağ-qaralar"ın geniş namizədlər siyahısında yer alır.
Bununla belə, Bakı təmsilçisi hələlik futbolçu ilə bağlı rəsmi danışıqlara başlamağı planlaşdırmır. Klub əvvəlcə Klovisin agenti ilə görüşərək mümkün keçidin şərtlərini müzakirə edəcək. Bundan sonra transferlə bağlı yekun qərar veriləcək.
Andre Klovisin "Neftçi"yə keçidi isə asan görünmür. Belə ki, 2025-ci ildən futbolçu ilə maraqlanan "Qarabağ" da onu heyətinə qata bilməyib. Ağdam təmsilçisi ötən ilin yayında hücumçu ilə anlaşmağa yaxın olsa da, tərəflər yekunda razılığa gələ bilməyib. Bu yay yenidən Portuqaliya klubuna müraciət olunsa da, "Akademiko Vizeu" keçid üçün ən azı 3 milyon avro təzminat tələb edib. Hazırda bu məbləğin daha çox olacağı ehtimal edilir.
Qeyd edək ki, Andre Klovis 2025/2026 mövsümündə 34 oyunda 23 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Komandasının Portuqaliya çempionatına yüksəlməsində böyük pay sahibi olan hücumçu cari mövsümdə isə 10 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.