Premyer Liqamızın son turunda ən səs-küylü matçlardan biri Qərb derbisi oldu. Belə ki, "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Turan Tovuz"a səfərdəki 0:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında "od püskürdü". Təcrübəli mütəxəssis klub rəhbərliyi - konkret olaraq İdarə Heyətinin sədri İlqar Nadirylə görüşəcəyini də bəyan etdi. Bu məqam Nadiriylə söhbətimizi zəruri etdiyindən, Sport24.az klub funksionerinə suallarını ünvanladı.

- Prinsipial rəqibiniz olan "Turan Tovuz"la bu mövsüm məhz Tərlan Əhmədovla qarşılaşmısınız və Kuboku da nəzərə alsaq, 5 matçın heç birində qalib gəlməmisiniz. Hansı qənaətə gəlirsiniz - yetərincə istək olmur ki, lider "Qarabağ"dan yaxşı oyunla xal alırsınız, amma "Turan Tovuz"a zəif oyunla uduzursunuz?

-  Həmin gün bizim komandanın çıxışı zəif oldu. Müdafiədə iki böyük səhv məğlubiyyətə gətirib çıxardı. Qələbə üçün getmişdik Tovuza, amma məğlub olduq. Futbolda belə hallar olur. Tovuzla Gəncə arasında futbolda mübarizə həmişə gərgin gedir. Turnir cədvəlindən hər şey görünür - onlar oyunlarda daha yaxşı nəticə qazanırlar ki, bizdən irəlidədirlər. 

- Baş məşqçiniz sizinlə görüşəcəyini Tovuzdakı mətbuat konfrasında açıqladı. Bildiyimiz qədərilə görüş dünən yox, bu gün baş tutub. Tutubsa, yekun nə olub?

- Gözlənilən görüş deyirlər, mətbuatda da oxudum. Baş məşqçimizlə hər oyundan sonra da görüşürük, qabaq da. Bu, bizim işin adıdı. Yəni, xüsusi bir nəsə deməyə, qabartmağa, böyütməyə ehtiyac yoxdu. Sadəcə, ola bilər ki, baş məşqçimiz Tovuzdakı görüşdə uduzduğundan bir az başqa bir fikirlər yaranıb. Amma görüşümüz həmişə olur da. 

- Qayıdaq suala. Bu gün Tərlan müəllimlə görüşünüz olub?

- Dünən də olub, bu gün də, sabah da olacaq. 

- Baş məşqçiniz sizinlə müəyyən narazı qaldığı məsələləri müzakirə edəcəyini açıqlamışdı. Təbii ki, daxili mətbəxi tam açmaq istəməzsiniz. Amma bilmək olar ki, ümumilikdə hansı məqamları gündəmə gətirdi? Hər halda, Əhmədovun 20 dəqiqə davam edən mətbuat konfransı çox böyük səs-küy doğurdu...

- Başa düşürəm, səs-küylü oldu. Yenidən bu məsələləri qabardıb, yenidən səs-küy salmaq yaxşı olmaz. Hələ ki xüsusi deyiləsi bir şey yoxdu. İnanırıq ki, bir daha geniş, səs-küylü mətbuat konfransları olmaz. Əsas odur ki, futbola, nəticəyə köklənmək lazımdı. 

- İndiki məqamda baş məşqçinizin gedişi, bu postda dəyişiklik gündəmdədi?

- Belə deyim, bir baş məşqçi komandaya dəvət oluursa, istənilən halda, hər futbolçudan baş məşqçiyədək dəstək olmaq lazımdı. Çalışııq ki, gücümüz çatdığı qədər bunu bütün komanda üzvlərinə edək. Nəticələr burda çox önəmlidi. Bu, hansı vəziyyətdə, necə olacaq - bunu qarşıdakı müddətdə görəcəyik ki, proses nə formada yekunlaşacaq. 

- Tərlan müəllim vurğuladı ki, hazırda istefa vermək fikində deyil. Amma komandanı Premyer Liqaya saxlayacağına əmilnliyini ifadə edərək, bundan sonra gedəcəyini açıq şəkildə dedi...

- Komandaya məşqçi, futbolçu, digər əməkdaşlar dəvət olunanda klub haqda məlumar verilir, qarşılarına məqsəd qoyulur. Deyilir ki, niyə komandaya dəvət olunub və burda hansı işləri görəcək. Məqsədimiz "Kəpəz"i Premyer Liqada möhkəmləndirməkdi. Baş məşqçimiz buna inanıb, o gücü özündə hiss edib, bizə gəlib. O sözü deyibsə, deməli, özünə inanır. Qarşıdakı dönəmdə nəyin necə olacağı xeyirlisi ilə getsin. 

- Qarşıdan isə "Şamaxı"yla Gəncədə 3 yox, 6 xallıq oyununuz olacaq. Yəni, qalib gəlsəniz, rəqibi arxada qoyaraq 2 pillə də irəliyə bilərsiniz. Amma mümkün uğursuzluq baş məşqçinizin ətrafında daha da güclü təkanlar yarada bilərmi?

- (gülür) İstənilən halda, hər bir uğursuzluq hamı üçün müəyyən qədər təkanlar verə bilər. 

- Amma mövsümün bu həlledici, çətin mərhələsində baş məşqçinizə sonadək şans verməyi, ona imkan yaratmağı düşündüyünüzü demək olar. 

- Kiminləsə nəsə qısamüddətli işbirliyi fikirləşmirik. O düz fikir olmaz. Çalışırıq gələcəyin komandasını formalaşdıraq. 

- İdman direktorunuz Mehman Allahverdiyevin mətbuatda belə şəxsi fikrini ifadə edib ki, növbəti matçda məğlubiyyət olsa, baş məşqçi getməlidi...

- İnşallah, məğlubiyyət olmaz. Komanda evdə oynayır. Sizin də qeyd etdiyiniz kimi, 6 xallıq oyundu. İstər "Şamaxı", istərsə də bizim üçün çox vacib oyundu. Yəni, nəticələrdən çox şey asılıdı. İnşallah, hər şey öz yolunda olar. Məqsəd odur ki, ancaq yaxşı, uğurlu nəticə qazanaq.

- Maraqlıdı, Tərlan müəllimlə təkbətək görüşünüzdə onu qınayırsınız ki, daxili mətbəxi çox qabardırınız mətbuat üçün? Klub rəhbəri olaraq baş məşqçiyə belə irad bildirirsiniz, yoxsa narazılıqlarını bildirməsinə normal yanaşırsınız?

- Ümumiyyətlə, istər futbolçular, istərsə də klubun digər əməkdaşları olsun, mediaya mətbuat xidmətiylə məsləhətləşib sonda daha dolğun, düzgün şəkildə məlumat verməsini məsləhət görmüşük. Düzdür, baş məşqçimiz mətbuat konfransında bir az geniş şəkildə, uzun-uzadı açıqlamalar verdi. Amma bu kimi hallar futbolu bir kənara qoyub başqa söz-söhbətlər yaradır. 

- Baş məşqçiniz komandada yerlipərəstlik - bakılı-gəncəli söhbəti getdiyini də vurğulayıb. Belə ayrıseçkilik var?

- Gəncəlilər Bakıda işləyir, hamısı azərbaycanlılardı. Ola bilər ki, Bakıda, başqa rayondan olan məşqçilər Gəncəyə dəvət oluna bilər. Bu fikri hardasa bir az düzgün saymıram. Çünki ola bilər sabah gəncəli məşqçi işləyər, yaxud başqa bir regionun komandasında çalışar. Bu fikirlər belə deyim ki, əsassızdı. 

- Söhbətimizdə yekun kimi belə qənaətə gəlmək olar ki, hazırkı məqamda rəhbərlik baş məşqçiyə, komandaya dəstək olur, qarşınızda duran məlum vəzifə var və indiki halda hər hansı dəyişiklik gözlənilmir?

- Bəli-bəli. Çalışırıq ümumi komandaya dəstək olaq. Burda baş məşqçinin yox, ümumi komandanın adından söhbət gedir.

 

 

MEHMAN SÜLEYMANOV