"Gələn həftə iclasımız olacaq. Bütün məsələləri orda müzakirə edəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

 

Vitali Borisovun baş məşqçisi olduğu futzal üzrə Azərbaycan millisi ötən həftə Çexiyada təlim-məşq toplanışında olub. Toplanış çərçivəsində yığma komanda Çexiya millisi ilə 2 yoxlama görüşü keçirib və hər ikisində meydanı məyus tərk edib. Bundan əlavə Borisovun çalışdırdığı "Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində uğursuzluğa düçar olaraq, əsas mərhələyə vəsiqə qazana bilməyib.

 

Federasiya prezidenti də baş məşqçinin işindən narazı qaldığını gözlətməyib: "Vitali Borisovun işi artıq mənim də xoşuma gəlmir. Amma bizim onunla müqaviləmiz var. Qeyd etdiyim kimi iclasda həm millinin, həm də "Araz-Naxçıvan"ın uğursuzluğu barədə danışacağıq. Toplantının nəticəsi ictimaiyyətə açıqlanacaq".