“Rumıniya millisini məğlub etməliydik. Milli komandaya uğur qazanmaq üçün bütün şərait yaradılıb, heyət “milliləşdirilmiş” legionerlərdən qurulub. Heyət baxımından da rumınlardan çox üstünük. Təəssüf ki, qrupun ilk oyununda uduzduq. Yığma rəsmi görüşlər ərəfəsində yoxlama görüşləri keçirməlidi ki, məşqçilər korpusu əyər-əysiyi görə bilsin. Ancaq bizim komanda bunu etmədi. Rəqiblər isə əksinə, qrup oyunlarına qədər bir neçə yoxlama görüşü keçirir ki, bu da onlara oyun planında çatışmazlıqları görməyə imkan verir, optimal heyəti formalaşdırmağa kömək edir. Yığma komanda heç bir yoxlama matçı keçirmədi. Səhv etmirəmsə, bu formatda bir görüş oldu. Onda da Bakıda Tackistanla üz-üzə gəldik ki, o da bizə layiq rəqib deyildi. Vitali Borisovun baş məşqçi kimi millidə debüt oyunu idi. İnanırdım ki, Borisov komandanı qalibiyyətə daşıyacaq. Lakin alınmadı. Yenə deyirəm, indiki halda bizə yalnız təəssüflənmək qalır”. Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə millinin sabiq üzvü Namiq Məmmədkərimov bildirib.
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində ötən həftə Rumıniya ilə səfərdə qarşılaşan yığma parketi başıaşağı tərk etməklə bizləri məyus etdi. Halbuki, oyundan əvvəl istər komandanın baş məşqçisi Vitali Borisov, istərsə də yığma komandanın üzvləri nikbin fikirlər sələndirir, ancaq qalibiyyət haqda danışırdılar. Azarkeşlər də millinin yeni baş məşqçinin rəhbərliyi altında qalib gələcəyini düşünürdü. Təcrübəli futzalçının fikrincə isə ilk görüşdə məğlubiyyətə əsas səbəb “milliləşdirmiş” legionerlərin zəif təsir bağışlaması və optimal formalarından uzaq düşmələridi: “Millinin formasını geyinən “milliləşdirilmiş” legionerlərin əksəriyyəti formada deyil. Onların oyunu məni qane etmədi. Amadeoudan çox şey gözləyirdim. O da etimadı doğrultmadı”.
Nəticəyə görə baş məşqçinin məsuliyyət daşıdığı heç kimə sirr deyil. Bir neçə ay öncə “sükan arxasına” keçən Vitali Borisovdan gözləntilər böyük olsa da, görünən odu ki, o hələ ki, baş məşqçi kimi ümidləri doğrultmur. “Araz-Naxçıvan”nı Çempionlar Liqasında qrupdan çıxara bilməyən 41 yaşlı mütəxəssis yığmanı da ilk oyunda bataqlığa saldı. Namiq bəy isə yığmanın çalışdırıcısı ilə bağlı fərqli fikirdədi: “Vitali Borisova vaxt vermək lazımdı. Alesio da Silvaya neçə il şans verildi? Axır vaxtlar milli onun rəhbərliyi altında uğur qazana bilməsə də federasiya rəhbərliyi ona güvənirdi. Sonda özü də görəndə ki, burda artıq işi alınmır çıxıb getdi. Borisov yenidi, ona inanmaq və güvənmək lazımdı. Hələ heç itirilməyib. İnanıram ki, Borisovun rəhbərliyi altında komanda sabah keçirləcək Niderlandla matçda bizləri sevindirəcək”.
Qeyd edək ki, milli komanda DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində ilk görüşündə Rumıniyaya 1:3 hesabı ilə məğlub olub. Sabah isə yığma Bakıda Niderlandla üz-üzə gələcək.
RƏŞAD QASIMOV