Fransa millisinin keçmiş müdafiəçisi Marsel Desayi "Real"ın yay "transfer pəncərəsi" dövründə Vinisiusu satmalı olduğunu bildirib. 1998-ci il dünya çempionunun fikrincə, həm braziliyalı futbolçunu, həm də Kilian Mbappeni eyni vaxtda əsas heyətdə oynatmağa çalışmaq komandanın balansına mənfi təsir göstərib. Sport24.az xəbər verir ki, o, bu barədə "beIN Sports" kanalına açıqlamasında bildirib.
"Fikrimcə, "Real" Vinisiusun getməsinə icazə verməli idi. Onlar başqa oyunçular axtarmalıdırlar. Biz daim Kilian Mbappe ilə Vinisius arasındakı əməkdaşlıqdan danışırıq, lakin bu, özünü doğrultmadı. Beləliklə, bir təhlilçi kimi şəxsi fikrim budur ki, onun komandadan ayrılması daha yaxşı olardı.
Görək o, özünə qarşı yönələn bütün mənfi düşüncələri və fikirləri bir kənara qoya biləcəkmi?"
Qeyd edək ki, ötən yay, uzun sürən danışıqlar və "Arsenal"ın da adının hallandığı xeyli uzanan transfer prosesindən sonra Vinisius Madrid klubu ilə uzunmüddətli müqavilə imzaladı. Lakin sözləşmənin uzadılmasına baxmayaraq, braziliyalı vingerin formasında nəzərəçarpacaq dərəcədə eniş müşahidə olunur – o, artıq əvvəlki səviyyədə çıxış etmir.