"Trua"nın idman direktoru Joslen Blanşar postundan qovulub. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Onunla yolların ayrılmasına dair qərarın rəsmi səbəbi açıqlanmayıb.
Bununla belə, "Canal 32" kanalının məlumatına görə, Fransa klubunda çalışan bir neçə xanım əməkdaşı Blanşarı uyğunsuz davranışda və cinsi ayrıseçkilikdə ittiham edib. Bu şikayətlərə cavab olaraq, klubun sahibi "City Football Group" holdinqin rəhbərliyi dərhal daxili araşdırmaya başlayıb.
Bundan əlavə, oktyabrın 16-da klubun təmsil etdiyi şəhərin prokuroru İzabel Verissimo hadisənin bütün təfərrüatlarını müəyyən etmək məqsədilə polis araşdırmasına başlanıldığını rəsmən elan edib.
Qeyd edək ki, 54 yaşlı Blanşar daha əvvəl "Lans" və "Dunkerque" klublarında çalışıb, bu ilin iyulunda isə "Trua"nın idman departamentinə rəhbərlik etməyə başlayıb.