Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Araz-Naxçıvan" futzal klubu transfer çalışmalarına başlayıb.
Sport24.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb.
Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər "qırmızı-ağlar"ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın "Jetisu" klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın keçmiş oyunçusu, həmçinin baş məşqçisi Biro Jadedir.
Kadinyo Braziliyada ESMAC və "Guarani" klublarında çıxış etdikdən sonra İspaniya "Ribera Navarra"sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa "Nantes Metropole"sinin uğurları üçün tər töküb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində "Sparta Belfast" (Şimali İrlandiya), "Sillamae Silla" (Estoniya) və "Uddevalla" (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.