"Mançester Siti"nin sahibi Haldun Əl-Mübarək, maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamlar əsasında Premyer Liqa tərəfindən aparılan araşdırmalar barədə mətbuatda yayılan xəbərlərdən sonra klub azarkeşlərinə müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına açıqlama bəyanat yayıb:
"18 ildir ki, bu klubun bir hissəsiyəm. "Etihad"da, "Uembli"də və İstanbulda sizinlə birlikdə olmaq şərəfinə nail olmuşam. Bu klub mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Siz də dəfələrlə mənə "Mançester Siti"nin sizin üçün nə qədər dəyərli olduğunu həm göstərmiş, həm də bildirmisiniz. Məhz buna görə də bu gün sizə müraciət edirəm.
Cümə günü mətbuatda yayılan xəbərlərdən sonra çoxlarınız yəqin ki, axşamı dostlarınızdan, ailə üzvlərinizdən və həmkarlarınızdan gələn sualları cavablandırmaqla keçirmisiniz. Mən də eyni şeyi etdim. Ailəmə dediyim sözlər bunlar idi: Premyer Liqadakı proses hələ bitməyib və klubun təqsirsizliyini sübut etmək əzmi ilə yanaşı, buna olan inamımız da elə əvvəlki kimi güclü olaraq qalır.
Mövqeyimizə niyə bu qədər əmin olduğumuzu anlamağınıza kömək edəcək çox şey sizinlə bölüşmək istərdim. Lakin hüquqi prosesin ciddi məxfilik tələbləri və bizim bu qaydalara riayət etmək öhdəliyimiz səbəbindən hazırda bunu edə bilmirəm. Hətta bu məktub belə, bütün tələblərə cavab verdiyinə əmin olmaq üçün bir neçə hüquqi yoxlamadan keçib.
Bəziləri tələsik nəticələr çıxarmağa həvəslidir və hazırda ətrafımızda çoxlu səs-küy var, lakin heç nə dəyişməyib. Biz əvvəllər də çətinliklərlə üzləşmiş və onları birlikdə dəf etmişik. Klubumuzun irəliləyişinə mane olmaq istəyənlər hələ də var. Biz onlara bu fürsəti verməyəcəyik.
Beynəlxalq fasilədən sonra bizi həyəcanverici günlər gözləyir. İki həftədən sonra "Enfild"ə səfər edəcəyik, daha sonra isə Çempionlar Liqası çərçivəsində "Etihad"da PSJ-ni qəbul edəcəyik. Bu matçlar bizə "Mançester Siti" ailəsinin gücünü bir daha nümayiş etdirmək imkanı verəcək. Həmişə olduğu kimi, sarsılmaz dəstəyinizə görə təşəkkür edirəm".
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Mançester klubunun ona qarşı irəli sürülmüş 115 ittihamdan 114-ü üzrə təqsirli bilindiyi barədə məlumatlar yayılıb. Hələlik tətbiq olunacaq sanksiyalar müəyyən edilməyib. "Şəhərlilər" maliyyə cəriməsindən tutmuş, titulların əllərindən alınması və Premyer Liqadan kənarlaşdırılmaya qədər müxtəlif cəzalarla üzləşə bilərlər.