Polşa millisi dünən UEFA millətlər Liqasının ilk turunda "doğma divarlar" arasında Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, matç azərbaycanlı azarkeşlər üçün də maraq kəsb edib.
Belə ki, bu görüşdə hər iki yığmanın heyətində Azərbaycanda legioner həyatı yaşayan və artıq ölkəmizi tərk edən futbolçular yer alıb. Polşa millisinə dəvət alan "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç və "Qarabağ"ın sabiq qolkiperi Mateuş Koxalski 90 dəqiqəni ehtiyat oyunçular skamyasından izləyiblər.
Əvəzində Ağdam təmsilçisinin bu yay "rənglərinə bağladığı" Bosniya və Herseqovina millisinin qolkiperi Martin Zlomisliç əsas heyətdə meydana çıxıb və oyunu əvəzolunmadan keçirib.
Qeyd edək ki, Varşavada baş tutan oyun qolsuz başa çatıb.