Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Zəfər Günü”nə həsr edilən futzal turniri başa çatıb.

Üçüncü yer uğrunda oyunda Bakı Dövlət Universitetinin komandası Gəncə Dövlət Universitetinin komandasını məğlub edib. Turnirin final oyununda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən (3:2) Azərbaycan Dövlət İqtisad Universitetinin komandası turnirin qalibi olub.

Mükafatlandırma mərasimində AFFA İcraiyyə Komitəsinin üzvləri Firudin Qurbanov, İsgəndər Cavadov, Fərid Mansurov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, həmçinin veteran futbolçular Novruz Əzimov, Fərrux İsmayılov iştirak ediblər.

Qalib komandaya kuboku AFFA İcraiyyə Komitəsinin üzvü, Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov təqdim edib.