Misli Premyer Liqasının V turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Hər iki hissədə kifayət qədər epizodlar yaratdıq. Bu gün bir xala layiq deyildik. Komandamda müəyyən inkişaf görürəm. Rəqibimiz təhlükəli idi. Görünür, hələ çalışmalıyıq. Yenə qeyd edirəm, inkişaf edirik, daha yaxşı olacağıq.

 


– Növbəti oyunlarda qələbə sözünü verə bilərsiniz?

– Bəli, inanıram ki, hər rəqibə qalib gələ bilərik. Arzu edirəm ki, ilk qələbəmizi qazanaq. Bunu çox istəyirik. Futbolçular çox çalışır, yaxşı hazırlaşır. Bəzi futbolçular cəmi 2-3 məşq edib. Qarşıda vaxtımız var, daha yaxşı olmağa çalışacağıq.

 

– Yeni transfer Banqre haqqında fikirləriniz nədir?

 

– Yaxşı oyunçu olduğu üçün onu transfer etmişik. Ümid edirəm ki, bizim üçün faydalı olacaq. Həmişə istəyərəm ki, bütün komanda birlikdə hazırlıq keçsin. Yeni formalaşırıq. Bu gün bir xal qazandıq, bu, kifayət etmir. Növbəti matçlarda qələbə arzulayırıq.

 

– Qarşıda fasilə olacaq. Bu, sizin üçün faydalıdır?

 

– Bir tərəfdən yaxşıdır ki, vaxtımız olacaq. Ancaq yəqin ki, iki futbolçumuz milliyə gedəcək və tam heyət olmadan hazırlaşacağıq. İstənilən halda, oyunçuların yığmaya getməsiylə qürur duyuram.