Misli Premyer Liqasının V turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (1:1) qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

 

– Çətin oyun olacağını bilirdik. Futbolçular hər iki hissədə pis oynamadı. Fərdi səhvdən qol buraxdıq. Bunlar da futbolun bir parçasıdır. Uşaqlar istədiyim oyunu göstərirdi. Qələbə üçün çalışdılar, amma olmadı.

 

– Növbəti matçlar Şamaxıda olacaq. Bu, psixoloji baxımdan komandaya necə təsir edəcək?

 

– Psixoloji baxımdan sıxıntımızın olacağını düşünmürəm. Qarşıdakı matçda bunu dəqiq biləcəyik. Azarkeşlərimiz önündə oynamaq daha rahatdır.

 

– Uğurlu seriyanın davamını gətirə biləcəksiniz? "Araz-Naxçıvan"da olanda da belə başlamışdınız, sonra eniş yaşandı. 

 

– Hamı yol verdiyi yanlışlardan nəticə çıxarır. Mənim də həmin vaxtlarda səhvlərim olmuşdu.