Misli Premyer Liqasının V turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "Qəbələ"nin baş məşqçisi Amil Ağacanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç barədə fikirlərini bölüşdü:

 

– Stadionda möhtəşəm atmosfer var idi. Belə azarkeşlər və infrastruktur Azərbaycan futbolunun inkişafına böyük təkan verir. Oyuna gəlincə, onu iki hissəyə bölərdim. İkinci yarıda birinciyə nəzərən daha yaxşı performans göstərdik, topa daha çox nəzarət etdik, aqressivliyi artırdıq. İlk hissədə isə həddindən artıq top itkisinə yol verdik. İkinci taymda qol buraxsaq da, məşqçilər korpusu olaraq göstərilən oyundan müəyyən dərəcədə razı qaldıq.

 

– Ehtiyat heyət baxımından çətinlik çəkirsiniz. Transfer siyasətinizi necə qiymətləndirirsiniz?

 

– Danışıqlar apardığımız futbolçular var. Transfer pəncərəsi bağlansa da, hələ də müəyyən keçidlər baş tuta bilər. Lakin heyətdə transfer olsun-olmasın, meydana çıxan futbolçu aqressiya və xarakter nümayiş etdirməlidir. Bu gün bizdə məhz bu istək çatışmadı. Məsələn, hansısa oyunçu fərdi keyfiyyətləri və ya taktiki intizamı ilə seçilə bilər, amma istək və xarakter yoxdursa, uğur qazanmaq çox çətin olacaq. Bu gün "Kəpəz" bizdən daha həvəsli görünürdü və layiqli qələbə qazandı.

 

– Keçmiş komanda yoldaşlarınızın oyunu izləməyə gəldiyindən xəbəriniz var idi?

 

– Bəli, məlumatım var idi, əvvəlcədən danışmışdıq. Sağ olsunlar ki, əziyyət çəkib bizə dəstək olmağa gəlmişdilər. Çox istərdik ki, azarkeşlərimizi sevindirək, amma alınmadı. Rəqibi yaxşı analiz etmişdik və matça ciddi hazırlaşmışdıq. Sadəcə, vurğuladığım kimi, hər şeydən üstün olan xarakterdir. Bu gün bizə məhz xarakter və qələbə əzmi çatışmadı.

 

– Birinci hissədəki mübahisəli penalti epizodu barədə nə düşünürsünüz?

 

– Epizoda baxdıq, bizə görə 50/50-yə bir vəziyyət idi. Hakimlər haqqında danışmaq istəmirəm, yəqin ki, hansısa ciddi qayda pozuntusu görsəydilər, penalti təyin edərdilər.