Formula 1 üzrə mövsümün ikinci Qran-prisinə yekun vurulub. Sport24.az xəbər verir ki  Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən yarışda yenə də “Red Bull” pilotları uğur qazanıb.

İki həftə əvvəl Bəhreyndə ilk iki pilləni müvafiq olaraq Maks Ferstappenlə Serxio Peres bölüşmüşdüsə, bu dəfə komanda yoldaşları yerlərini dəyişib. Meksikalı pilot təsnifatda olduğu kimi final mərhələsində də rəqiblərini qabaqlamağı bacarıb. O, 50 dövrəni 1 saat 21 dəqiqə 14 saniyəyə qət edərək karyerasında 5-ci dəfə Qran-pri yarışının qalibi olub.

Təsnifat mərhələsində mühərrikində problem yaşadığına görə yarışa 15-ci sıradan start verən Maks Ferstappen isə məharətini nümayiş etdirərək 13 rəqibini geridə qoymaqla 2-ci yeri tutub. Niderlandlı pilot Peresdən 5,3 saniyə geridə qalıb.

Bəhreyndəki yarışı 3-cü pillədə başa vuran “Aston Martin” pilotu Fernando Alonso isə yenə də eyni nəticəni göstərsə də startdakı qayda pozunutusuna görə 10 saniyəlik cərimələnib. Nəticədə Fernando 5-ci sıraya yuvarlanıb. Bundan bəhrələnən “Mersedes” pilotu Corc Rassell 3-cü yerə yüksəlib. Onun komanda yoldaşı Lüis Hemilton 4-cü yeri tutub.

“Ferrari” sürücüləri isə ardıcıl 2-ci yarışında da fəxri kürsüyə yüksələ bilməyib. Karlos Sayns yarışı 6-cı, Şarl Lekler isə 7-ci sırada başa vurub. Yeri gəlmişkən, növbəti Qran-pri aprelin 2-də Avstraliyada keçiriləcək.