''Mersedes'' pilotu Lyuis Hemilton belə görünür, artıq bu mövsümdən əlini üzüb. Sport24.az xəbər verir ki, yeddiqat dünya çempionunun fikrincə, rəhbərlik artıq indidən gələn mövsüm və bolidin gücləndirilməsi barədə düşünməlidi.
Hemilton hazırda şəxsi birincilikdə 102 xalla 4-cü pillədədi və lider Maks Ferstappendən 93 xal geridədi: ''Bu mövsümün sonuna qədər hər kəs bolidin yenilənməsi, gücləndirilməsi barədə düşünəcək. Fikrimcə, ''Red Bull'' da artıq gələn ilə hazırlaşır. Biz də bundan geri qalmamalıyıq. Bolid yeniləndikdən sonra fərq hiss edirəmmi? Düzünü desəm, mövsümün əvvəli ilə müqayisədə ciddi fərq görmürəm. Maşının bəzi hissələri fərqlidi. Çəkim gücü də dəyişib. Amma özəlliklər əvvəlki kimidi. Ona görə də mütləq gələn mövsüm üçün bolidi gücləndirməliyik. İndi əlimizdə olan bolidlə ''Red Bull''u üstələməyimiz praktiki olaraq mümkün görünmür''.