Formula-1''ə üzrə məhşur analitik Piter Uindzorun fikrincə, ''Aston Martin''in pilotu Fernando Alonso hətta eyni göstəricilərə malik olan boliddə belə Maks Ferstappeni ötə bilməz. Sport24.az xəbər verir ki, hər iki pilot ikiqat dünya çempionu statusundadı.

Ferstappen hazırda şəxsi birincilikdə 195 xalla liderdi və ardıcıl 3-cü çempionluğuna doğru irəliləyir. Alonso isə 117 xalla 3-cü pillədədi. Uindzorun sözlərinə görə, hamısı Fernandonun əla və universal pilot olduğunu bilir: "O, hər zaman imkanlarını maksimum dərəcədə səfərbər edir. Hətta imkanlarından da kənara çıxmağı bacarır. Amma ötmə əməliyyatında və ya təkər təkərə mübarizədə Alonsonu ən yaxşı pilot saya bilərikmi? Əsas fərq məhz bundadı. Alonso yarış zamanı həm strategiya, həm təkərlər, həm də başqa məqamlar haqda düşünməyə qadirdi. Amma əminəm ki, indi o, hətta eyni göstəriciləri olan boliddə də Ferstappeni keçə bilməz. Maks indi tamam başqa səviyyədədi və zəif nöqtəsi olmayan ideal pilotdu''.