"Qalatasaray"ın baş məşqçisi Okan Buruk milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra heyətdə dəyişiklik etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis yarımmüdafiəçi İlkay Gündoğanla bağlı yeni qərar qəbul edib.
Belə ki, Buruk 35 yaşlı futbolçu ilə təkbətək görüş keçirib. Baş məşqçinin İlkaya fasilədən sonra yenidən əsas heyətdə şans verməyi planlaşdırdığı bildirilir.
İlkayın mövsümün geridə qalan 6 turunda demək olar ki, oynadılmaması müzakirələrə səbəb olub. Daha əvvəl Türkiyə mətbuatında az oyun vaxtı almasından narazı qalan futbolçunun qış transfer dönəmində "Qalatasaray"dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.
Təcrübəli yarımmüdafiəçi bu mövsüm Türkiyə Super Liqasında yalnız ilk turda "Çorum"la qarşılaşmada meydana çıxıb və 6 dəqiqə oynayıb. İlkay Çempionlar Liqasında "Sportinq"lə səfər görüşündə isə 5 dəqiqə şans qazanıb. Beləliklə, İlkay Gündoğan cari mövsümdə "Qalatasaray"ın heyətində cəmi 11 dəqiqə meydanda olub.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü 2025-ci ilin sentyabrında "Mançester Siti"dən transfer haqqı ödənilmədən "Qalatasaray"a keçib. Təcrübəli yarımmüdafiəçi İstanbul klubu ilə 2 illik müqavilə imzalayıb.