"Litva ilə matçda qələbə qazanmaq vacib idi ki, bunu bacardıq. Əvvəldən millimizin hədəfi qrupda ilk pilləni tutmaq idi". Bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin UEFA Millətlər Liqasının 3-cü turunda Litvanı məğlub etdiyi oyunla (1:0) bağlı fikirlərini bildirib:
"Bunun üçün qarşıda bir oyun qalıb – noyabrda Lixtenşteynlə qarşılaşma. İnanıram ki, həmin oyundan da 3 xalla ayrılmağı bacaracaqlar. Yığmanın heyəti hələ tam formalaşmayıb. Futbolçuların əksəriyyəti klublarında az oynayır. Buna görə də komandaya zamana ehtiyac var. Lixtenşteynlə səfərdəki görüş nisbətən asan olacaq. Yalnız problem ot örtüyü ola bilər. Səhv etmirəmsə, orada süni qazondur".
Mircavadov millinin hücum xəttindəki problemlərə də toxunub:
"Millimizin hücum xəttində bitiriciliklə çatışmazlıq var ki, bu da indinin yox, çoxdanın problemidir. Litva ilə matçda Vüsal İsgəndərli və Renat Dadaşovun real qol epizodları oldu, amma onları qola çevirə bilmədilər. Qələbə qolunu isə dayaq yarımmüdafiəçisi Abdulla Xaybullayev vurdu. Bu problem aşağı yaş qruplarında da var. Bu haqda klublar düşünməlidir. Klubların əksəriyyətində hücumçular legionerlərdir. Bu amil də milli komandaya təsir edir".
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında Litva yığmasını 1:0 hesabı ilə məğlub edib.