"Lixtenştyenlə oyundan sonra üzərimizdə müəyyən təzyiq var idi. Həmin görüşdə istədiyimiz nəticəni əldə edə bilməmişdik. Buna görə də Litva ilə matçda daha məsuliyyətli olmalı idik". Bu sözləri Sport24.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Oruc Məmmədov deyib.

Millinin heyətində debüt edən futbolçu Millətlər Liqasının qrup mərhələsində Litva üzərində 1:0 hesablı qələbəni şərh edib:

"Əslində, qol epizodlarımız çox olur. Sadəcə, həmin imkanlardan lazımi qədər yararlana bilmirik. Bu da üzərində işləməli olduğumuz məqamlardan biridir. Litva kifayət qədər güclü komandadır və belə rəqibə qarşılaşmada qələbə qazanmaq ikiqat xoş oldu. Yığmanın bir çox futbolçusu öz klublarında daimi olaraq əsas heyətdə çıxış etmir. Bu da təbii ki, oyun praktikası baxımından təsirini göstərir. Burada legioner limitinin ləğv olunmasının da təsiri var. Bizə çox az güvənirlər. Legionerlər bizdən çox fərqli deyillər. Onların da üstün və zəif tərəfləri var. Fikrimcə, yerli futbolçulara daha çox şans verilməlidir. Bizə etimad göstərilsə, özümüzü göstərmək və komandalarımıza, eləcə də milliyə fayda vermək üçün daha çox imkanımız olar".

Qeyd edək ki, 8-ci km stadionunda baş tutan görüş millimizin qələbəsi ilə başa çatıb - 1:0.