Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov I Liqada keçirilən "Xankəndi" – "Karvan-Yevlax" qarşılaşmasından sonra təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, qurum rəhbəri işğaldan azad olunmuş Xankəndidə yenidən qurulan şəhər stadionunda çempionat oyununu izləməyin qürurverici olduğunu diqqətə çatdırıb:

 

"İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun antiterror əməliyyatından sonra işğaldan azad olunmuş Xankəndidə, yenidən qurulmuş şəhər stadionunda Azərbaycan çempionatının oyununu izləmək əvəzolunmaz hisslərdir".

 

Arenanın müasir tələblərə cavab verməsi və yaradılan yüksək şəraitə görə nazir Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirən Səmədov bu matçın futbolun ölkə miqyasında təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

Onun sözlərinə görə, son illər I Liqada səviyyə nəzərəçarpacaq dərəcədə artıb və hazırda çempionluq uğrunda bir neçə komanda arasında maraqlı mübarizə gedir:

 

"Hazırda burada maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır. Ümumilikdə, məqsədimiz futbolun yalnız paytaxtda deyil, ölkəmizin bütün bölgələrində inkişafına, futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdır. Bildiyiniz kimi, stadion UEFA-nın III kateqoriyasına aiddir, nəinki Premyer Liqa, beynəlxalq oyunları belə bu stadionda keçirmək olar. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək".