Veteran futbolçu Emin Salmanov 38 ildən sonra doğma şəhəri Xankəndiyə qayıdaraq uşaqlıq və gənclik illərini keçirdiyi stadionda yaşadığı hisslərdən danışıb. Sport24.az xəbər verir ki, Peşəkar Futbol Liqasının dəvəti ilə Xankəndiyə gələn sabiq futbolçu Birinci Liqanın 8-ci turunun "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşmasından əvvəl təəssüratlarını bölüşüb.

 

Salmanov doğma stadionuna qayıtmağın onun üçün unudulmaz hadisə olduğunu bildirib:

 

"38 ildən sonra doğma şəhərdə, doğma stadionda olmaq çox qürurvericidir. Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Mən 7 yaşımdan 17 yaşıma qədər bu stadionda məşq etmişəm, oyun oynamışam. Həmin vaxt daxili çempionatda iştirak edirdik, çox yaxşı komandamız vardı. 20-25 nəfər içində cəmi 3 nəfər azərbaycanlı idik, amma yenə də çox xoş xatirələrimiz olub. Şəhərimizi Azərbaycanda təmsil etmişik".

 

Veteran futbolçu uşaqlıq illərində yaşadığı evin stadiona yaxın olduğunu da xatırlayıb:

 

"Bu şəhərin hər qarışı mənə doğmadır. Bu stadiondan bir az yuxarıda – heç 1 kilometr olmaz, ovaxtki 9 nömrəli məktəbin yanında evimiz yerləşirdi. Uşaq olsaq da, idmana, futbola çox həvəsli və meyilli idik. Çoxlu məşq edirdik. Bu səbəbdən də diqqət cəlb etmişdik və bizi komandaya seçmişdilər. Gözəl xatirələrimiz var".

 

Qeyd edək ki, Xankəndi şəhər stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşması qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.