Andorranın "İnter d"Eskaldes" klubu "Barselona"nın keçmiş kapitanı Karles Puyolun idman rəhbərliyinə qatıldığını elan edib. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis beynəlxalq əlaqələr və futbol direktoru postunu tutacaq və işə cümə günündən başlayacaq.

 

Onun əsas vəzifəsi klubun beynəlxalq nüfuzunu artırmaq, həmçinin komandanın meydandakı və meydandankənar inkişafına dəstək verməkdir.

 

Uzun müddətdir Andorrada yaşayan Puyol komandanın baş məşqçisi Felip Ortizlə yaxın dostdur. Təyinatından sonra fikir bölüşən sabiq müdafiəçi klubun nailiyyətlərini yüksək dəyərləndirib:

 

"Klubu bütün uğurları münasibətilə təbrik etmək istəyirəm. Qazanmaq həmişə çətindir, lakin ən yüksək səviyyədə qalmaq daha da çətindir. Qarşıda duran vəzifə eyni ambisiya və motivasiya ilə çalışmağa, inkişaf etməyə və yeni hədəflərə çatmağa davam etməkdir".

 

Xatırladaq ki, "İnter d"Eskaldes" cari mövsüm UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksəlməklə Andorra futbolunda ilkə imza atıb.