"Vacib qələbə qazandıq. Azərbaycan xalqını təbrik edirəm". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Rəhman Daşdəmirov jurnalistlərə açıqlamasında deyib.
"Sabah"ın müdafiəçisi Bakıda Litva üzərində 1:0 hesablı qələbə qazandıqları UEFA Millətlər Liqasının qrup mərhələsi oyunundan sonra görüşlə bağlı fikirlərini bölüşüb.
O, əvvəlki turda Lixtenşteynlə heç-heçə etdikləri matçda xal itirmələrini də xatırladıb:
"Lixtenşteynlə oyunda yersiz xallar itirmişdik. Belə olmasını biz də istəmirdik. Qol epizodlarımız olurdu, amma yararlana bilmirdik. Litva ilə matçda isə qalibiyyət əldə etdik. Hamını təbrik edirəm. Vacib qələbə idi. Komanda yoldaşlarım əziyyət çəkdi. Meydanda yaxşı mübarizə apardıq. Layiqli qələbə idi".
Daşdəmirov qarşılaşmanın əvvəlində üzərlərindəki təzyiqi aradan qaldıra bildiklərini bildirib:
"Qol vurduq, hesabı da öz xeyrimizə saxlaya bildik. Beləliklə, vacib qələbə qazandıq".
"Sabah"ın futbolçusu ağır oyun qrafikinə baxmayaraq, yorğun olmadığını söyləyib:
"Yorğun deyiləm. Sadəcə, bir az istirahət edib qarşıdakı oyunlara köklənəcəm. Üzərimdə heç bir təzyiq yoxdur. Hər matça eyni cür hazırlaşıram. Hər qarşılaşmada maksimum nəticə qazanmaq, qələbələrimizlə xalqı sevindirmək istəyirik".