Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının IV turunda Litva üzərində qazanılan 1:0 hesablı vacib qələbəni dəyərləndirib. Sport24.az xəbər verir ki, təcrübəli forvard qarşılaşmanın gözlənildiyi kimi gərgin keçdiyini diqqətə çatdırıb:
"Çox ağır, yüksək tonuslu oyun keçdi. Belə olacağını əvvəldən bilirdik. Bu üç gündə həm komanda olaraq, həm də futbolçular fərdi şəkildə özlərini oyuna çox yaxşı kökləmişdilər. Xüsusilə birəbir mübarizələrdə hiss olunurdu ki, komanda həqiqətən bir-biri üçün mübarizə aparır. Belə oyunlarda bu cür mübarizələrin çoxunu qazanırsansa, əksər hallarda bunun nəticəsini də görürsən".
Millinin hücumçusu komandanın fərqi artırmaq imkanlarının olduğunu da vurğulayıb:
"Bir qol vurduq, amma düşünürəm ki, bu gün daha çox qol vura bilərdik. Təbii ki, bunun üzərində işləməliyik. Bəzi futbolçular klublarında az oynayırlar. Mən də yay təlim-məşq toplanışında bunu hiss edirdim. Epizodlara girəndə bəzən fürsətləri qaçırırsan. Amma oynadıqca və həmin epizodlara daha çox düşdükcə bu, artıq vərdiş halına gəlir".
Emreli Lixtenşteynlə uğursuz matçdan sonra bu 3 xalın komanda üçün xüsusi psixoloji əhəmiyyət kəsb etdiyini açıqlayıb:
"Sevincliyik, önəmli qələbə idi. Xüsusilə Lixtenşteynlə oyundakı nəticədən sonra bu qələbə çox vacib idi. Həm mental baxımdan komandaya müsbət təsir etdi, həm də bir mesaj verdi. Pis nəticədən dərhal sonra toparlanıb yenidən mübarizəyə qoşulmaq sevindirici haldır".
Təcrübəli qolçunun fikrincə, Litva ilə səfər matçı turnir cədvəli baxımından həlledici xarakter daşıyırdı:
"Məntiqlə fikirləşəndə başa düşürsən ki, Lixtenşteynə qalib gəlsəydik belə, bu oyunda da qələbə qazanmalı idik. Çünki bu qarşılaşmada qələbə olmasaydı, əvvəlki oyunlardakı nəticələrin də bir mənası qalmazdı. Bu, çox önəmli qələbə idi. Bəlkə də qrupun ən önəmli qələbəsi idi".
Sonda qarşıda daha bir oyunun olduğunu xatırladan Mahir Emreli təmkinli olmağın vacibliyini dilə gətirib:
"Ən önəmlisi belə hallarda nə həddindən artıq sevinmək, nə də Lixtenşteynlə oyundan sonra olduğu kimi çox üzülməkdir. Sakit qalmaq lazımdır. Sakit qaldığın təqdirdə ümid edirəm ki, nəticə hər dəfə gələcək".