Burkina-Faso Futbol Federasiyası Argentina millisi ilə keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu ilə bağlı bəyanat yayıb. Sport24.az xəbər verir ki, yerli federasiya komandanın səfər və yerləşmə şəraitindən narazılığını bildirib.
Burkina-Faso tərəfinin iddiasına görə, təşkilatçılar oyunçular üçün ucuz aviaşirkətlərin reyslərini və aşağı səviyyəli otelləri təklif etməklə səfər xərclərini azaltmağa çalışıblar. Həmçinin bildirilib ki, müqavilə şərtlərinə əsasən, bilet satışından əldə olunan bütün gəlir Argentina tərəfinə qalıb.
Problemlər ilkin olaraq planlaşdırılan uçuşun ləğv edilməsindən sonra yaranıb. Komanda əvvəlcə aralıq dayanacaqları olan uzun bir səfər etməli idi, lakin bu plan baş tutmayıb. Nəticədə, əsas milli komandanın bəzi oyunçuları Buenos-Ayresə səfər etməkdən imtina ediblər.
Sonda Burkina-Faso Federasiyası təcili olaraq U-23 gənclər yığmasından oyunçuları heyətə cəlb etməli olub. İlkin plan dəyişdirildikdən sonra onlar Argentinaya yola düşüb və oyuna çox az qalmış məkana çatıblar. Argentina mediasının məlumatına görə, nümayəndə heyəti matçın başlamasına altı saatdan da az vaxt qalmış məkana çatıb.
Qeyd edək ki, Loqistik çətinliklərə baxmayaraq, yoldaşlıq oyunu baş tutub. Argentina Burkina-Fasonu 7:0 hesabı ilə məğlub edib.