Monqolustana səfəri zamanı FİFA prezidenti Canni İnfantino Ulan-Batorda yeni stadionun tikintisi ilə bağlı anlaşma memorandumunu imzaladı. Sport24.az xəbər verir ki, sənəd FİFA, Monqolustan Futbol Federasiyası və ölkə hökumətinin nümayəndələri tərəfindən imzalanıb. İnfantinonun sözlərinə görə, gələcək arena Monqolustanın əsas idman obyektlərindən birinə çevriləcək.

 

Səfər çərçivəsində İnfantino həmçinin Monqolustan Prezidenti Uxnaaqiyn Xürelsüx və digər hökumət rəsmiləri ilə görüşüb. Görüşlərdə futbol infrastrukturunun və uşaq futbolunun inkişafına xüsusi diqqət yetirilib.

 

FİFA artıq "FIFA Forward" proqramı çərçivəsində Monqolustanda doqquz layihə həyata keçirib və bunlara təxminən 4,66 milyon dollar vəsait ayrılıb. Bu layihələr sırasına 2023-cü ildə istifadəyə verilən "Air Dome" qapalı futbol kompleksi də daxildir.

 

Bundan əlavə, İnfantino 3000-dən çox şagirdin təhsil aldığı 33 nömrəli məktəbdə Monqolustanın ilk "FIFA Arena" mini-futbol meydançasının açılışını edib. Tədbir zamanı "FIFA Boots for All" (Hamı üçün FİFA ayaqqabıları) layihəsi çərçivəsində uşaqlara pulsuz futbol ayaqqabıları da paylanılıb.