Madrid "Real"ının futbolçusu Cud Bellinqem Çempionlar Liqasındakı həlledici matç öncəsi maraqlı fikirlər səsləndirib. Sport24.az xəbər verir ki, ingiltərəli futbolçu komandasının qarşıdakı oyuna maksimum kökləndiyini və geri çəkilmək niyyətində olmadıqlarını vurğulayıb.
Ulduz oyunçu pley-off mərhələsinin məsuliyyətindən danışarkən bunları qeyd edib:
"Bu, həlledici oyundur – ya hər şey, ya heç nə. Eliminasiya mərhələsində uğursuzluğa yer yoxdur. Biz UEFA Çempionlar Liqası uğrunda mübarizə aparırıq, biz "Real"ıq".
Cari mövsümdə yaşadığı çətinliklərə də toxunan futbolçu, artıq tam hazır olduğunu bildirib:
"Mənim üçün zədələrlə keçən çətin bir mövsüm oldu, amma indi komandama kömək etmək üçün əlimdən gələni etməyə hazıram".
Son vaxtlar mətbuatda haqqında yayılan xəbərlərə də münasibət bildirən oyunçu, iddiaların əsassız olduğunu vurğulayıb:
"İnsanlar həmişə klubdan gedəcəyimi, həyat tərzimlə bağlı müxtəlif şayiələr danışırdılar. Bunlar sadəcə zarafatdır. Şəxsi həyatıma dair yayılan hekayələrin heç biri həqiqəti əks etdirmir".