Frankfurt "Ayntraxt"ı Markus Kreşenin yerinə idman direktoru vəzifəsinə əsas namizəd kimi Kristof Şpiçeri nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Şpiçerin yaxın vaxtlarda qərarını açıqlayacağı gözlənilir. O, Frankfurt təmsilçisindən gələn təklifi rədd etməyib. Lakin "Ayntraxt" "Yanq Boyz" klubu ilə kompensasiya məsələsini müzakirə etməlidir. Şpiçerin hazırkı müqaviləsində İsveçrə təmsilçisi ilə müqaviləyə xitam verməklə bağlı xüsusi bənd (təzminat məbləği) nəzərdə tutulmayıb.
Şpiçer 2005–2010-cu illər aralığında "Ayntraxt"ın heyətində çıxış edib və klubun formasını 149 oyunda geyinib. Futbolçu karyerasını başa vurduqdan sonra o, "Yanq Boyz"a qoşulub. Əvvəlcə məşqçilər heyətində yer alıb, daha sonra idman direktoru kimi çalışıb. 2022-ci ildən etibarən isə idman məsələləri üzrə icraçı direktor vəzifəsini icra edir.
Şpiçer həmçinin İsveçrə klubunun səhmlərinin 10%-nə sahibdir və Müşahidə Şurasında təmsil olunur.
Qeyd edək ki, "Ayntraxt" Markus Kreşeni öz xahişi ilə vəzifəsindən azad edib.